tehsil_xeberleri_metn Pedaqoji Universitetdə tətbiq olunan yeniliklər müsbət nəticəsini verir

Pedaqoji Universitetdə tətbiq olunan yeniliklər müsbət nəticəsini verir

Pedaqoji Universitetdə tətbiq olunan yeniliklər müsbət nəticəsini verir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədəAZƏRTAC-a universitetdən məlumat verilib.

Rektor Cəfər Cəfərov çıxışında bildirib ki, artıq Pedaqoji Universitet institusional akkreditasiya ilə bağlı özünüqiymətləndirmə hesabatını hazırlayaraq müvafiq quruma təqdim edib. Bütün strukturlarda bu sənədin ətraflı təhlili, müzakirələrin təşkili akkreditasiya prosesinə qədər son hazırlıq üçün olduqca faydalı olacaqdır. İnstitusional akkreditasiyadan sonra proqram akkreditasiyası başlanacaq ki, bu sahədə də artıq təcrübə var. ADPU Tvinninq layihəsi çərçivəsində bir neçə fənnin proqram akkreditasiyasını 2019-cu ildə həyata keçirib.

Ötən dövrün ümumi icmalına nəzər salan C.Cəfərov beynəlxalq əlaqələrdə xeyli irəliləyişlərin baş verdiyini bildirərək, son bir ay ərzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin ADPU-da olmasını diqqətə çatdırıb. O, xarici ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərin, Qərbi Azərbaycana qayıdışla bağlı universitetdə ilk ictimai dinləmənin, nadir kitab və əlyazmaların ictimai təqdimatının keçirilməsini yüksək qiymətləndirib. Eyni zamanda, qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün humanitar yardım aksiyalarında ADPU ailəsinin də fəal iştirakının təqdirəlayiq olduğu qeyd olunub.

Sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-da payız semestrinin qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, bu il keçirilən imtahan sessiyasında mütəşəkkilliyin, şəffaflığın və operativliyin təmini üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərib, eyni zamanda, 20 nəfərdən ibarət İctimai Şura və 20 nəfərdən ibarət tələbə monitorinq qrupu prosesə nəzarət edib. 9884 bakalavr və 621 magistrant olmaqla ümumilikdə 10505 nəfər üçün imtahanlar təşkil olunub. İxtisas və fənn xüsusiyyətləri nəzərə alınmaqla imtahanlar yazılı, şifahi və hibrid formada keçirilib. İmtahan sessiyasının yekunlarına görə müvəffəqiyyət və keyfiyyət göstəriciləri ötən tədris ilinin analoji semestrinə nisbətdə müvafiq olaraq, 78 faizdən 84 faizə və 38 faizdən 46 faizə yüksəlib. Magistratura səviyyəsində bu göstəricilər müvafiq olaraq, 74 və 68 faiz təşkil edib. Filiallar və kollec üzrə də müvəffəqiyyət və keyfiyyət göstəricilərində artım müşahidə olunur.

Vurğulanıb ki, sessiya dövründə Apellyasiya Komissiyasına ümumilikdə 3065 müraciət daxil olub ki, bunlardan da 46,5 faizi müsbət həll edilib, 36,5 faizi qüvvədə saxlanılıb, 16,5 faizi müraciətdən imtina edib. Bildirilib ki, tədrisin keyfiyyətinin artırılması və tələbələrlə aparılan ardıcıl iş nəticəsində bütün parametrlər üzrə göstəricilərdə irəliləmə müşahidə olunur. Əgər ötən tədris ilində İmtahan Qərargahına 294 müraciət daxil olmuşdusa, cari ildə cəmi 86 müraciət daxil olub, onlardan da 49 nəfər izahat işlərindən sonra müraciətdən imtina edib, 14 müraciət təsdiqini tapmayıb. Qayda pozuntusuna görə ötən tədris ilində 438 iş protokollaşdırılmışdısa, cari ildə cəmi 157 nəfərin imtahan işi protokollaşdırılıb, barələrində inzibati-tənbeh tədbirləri görülmüş tələbələrin sayı isə 25-dən 16-ya düşüb.

Sonra Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli sessiya dövründə tələbələrlə keçirilən onlayn sorğunun nəticələrini təqdim edib. Bildirilib ki, sorğuda ADPU, filiallar və kollec də daxil olmaqla ümumilikdə 2590 tələbə iştirak edib ki, onların əksəriyyəti imtahan və tədris prosesinin təşkilini yaxşı qiymətləndirir. Bununla belə, tələbələr tərəfindən bildirilən bəzi problem və təkliflər də ümumiləşdirilərək universitet rəhbərliyinə təqdim olunur.

Məruzələrin yekununa əsasən, tətbiq olunan yeni imtahan qaydalarının effektiv nəticələri qeyd olunub, qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Həmçinin iclasda ADPU-da “Heydər Əliyev İli” çərçivəsində görüləcək işlər, universitetin Himayəçilər Şurasının yaradılması, "ADPU 2030" Strateji İnkişaf Planının hazırlanması, beynəlxalq əlaqələrin inkişafı, yeni ikili diplom proqramlarının həyata keçirilməsi kimi məsələlər də müzakirə olunub.

Daha sonra ADPU-nun Elmi şurasının yeni tərkibi haqqında təqdimat qəbul olunub, cari semestrin nəticələrinə əsasən adlı təqaüdə layiq görülən 12 tələbənin siyahısı təsdiq olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...