tehsil_xeberleri_metn Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan"Report"a verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyədə baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdiyini deyən akademik İsa Həbibbəyli ölkə başçısının göstərişi ilə dövlət qurumlarının operativ iş rejiminə keçdiyini, qardaş ölkəyə xilasedici dəstələr, tibb personalı və yardım üçün lazım olan tibbi ləvazimatların, humanitar yardımların göndərildiyini söyləyib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə zəruri olan dərman və tibbi ləvazimatların göndərildiyini, yardım kampaniyasına sadə vətəndaşlar, dövlət qurumları və ayrı-ayrı təşkilatlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin əməkdaşlarının da dəstək verdiklərini deyib.

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Akademiyada operativ müşavirənin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının zəlzələ və onun səbəbləri, dağıdıcı zəlzələlərin yaratdığı fəsadlar, Azərbaycandakı hazırki seysmik vəziyyətlə bağlı ölkə mediasında davamlı olaraq açıqlamalarla çıxışlar etdiklərini və əhalinin maarifləndirilməsi istiqamətində təbliğat işi apardıqlarını söyləyib.

Sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Türkiyədə baş vermiş zəlzələlərin ilkin nəticələri və seysmologiya elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib. O, Türkiyədəki zəlzələlərin dağıntılarının miqyasının böyük olmasının ilk növbədə yeraltı təkanların ardıcıl iki dəfə təkrar olması və uzun müddətli olması ilə əlaqədar olduğunu bildirib.

Eyni zamanda Qurban Yetirmişli rəhbərlik etdiyi mərkəzin ölkə ərazisində fəaliyyət göstərən seysmik stansiyaları, kompleks seysmoloji, geofiziki və geodinamik tədqiqatlar zamanı istifadə olunan elmi metodikalar barədə məlumat verib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə aparılacaq elmi tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. Həmçinin qeyd edib ki, ölkəmizdə “Seysmologiya” ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac vardır.

Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.

Sonra AMEA-nın Ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il Ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib.

AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari Ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub. Ümumi yığıncaqda “AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr” mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr”, “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış”, “AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti”, “AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri” mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.

Daha sonra geniş müzakirələr aparılıb və AMEA-nın 16 mart 2023-cü il tarixində keçiriləcək Ümumi yığıncağının gündəliyi təsdiqlənib.

İclasda müzakirəyə çıxarılan növbəti məsələlər AMEA-nın elmi müəssisələrində aparılan struktur islahatları haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da idarəetmənin təkmilləşdirilməsi, paralel qurumların aradan qaldırılması, elmi istiqamətlər üzrə mütəxəssislərin vahid mərkəzdə cəmləşdirilməsi məqsədilə struktur islahatları aparılır.

İclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.

Eyni zamanda müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın e.ə. IV – e. VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda isə Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub.

Sonra Akademiyanın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov AMEA-nın “İlin gənc alimi” mükafatının verilməsi haqqında Əsasnaməni Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Müzakirələrdən sonra təkliflər nəzərə alınmaqla əsasnamə təsdiq edilib.

İclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik və Azərbaycan ədəbiyyatşünaslıq və folklorşünaslıq elminin inkişafında mühüm xidmətləri olan AMEA-nın müxbir üzvü Kamran Əliyevin 70 illik yubileyi haqqında qərarlar qəbul olunub.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbənin prioritetləri və vəzifələri haqqında çıxış edib. Bildirib ki, “Elektron Akademiya” şöbəsi Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron idarəetmənin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi sahəsində fəaliyyət göstərəcəkdir.

AMEA Rəyasət Heyətinin iclasındakı müzakirələrdə akademiklər Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Telman Əliyev, Əli Abbasov, Adil Qəribov, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, İslam Mustafayev, Ərtegin Salamzadə və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblə

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.